Fresco Bakı 2017-nin rəsmi dəstəkçisi elan olunur

İmzalanan müqaviləyə əsasən, Fresco Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əsas Lisenziya sahibi və Rəsmi Pərakəndə Satış Operatoru olacaq. Açılış mərasiminə yaxın müddətdə əhalimiz IV İslam Həmrəyliyi oyunlarına məxsus müxtəlif çeşidli məhsulları Fresco supermarketlər şəbəkəsinin şəhərimizin bir sıra nöqtələrində fəaliyyət göstərən mağazalarından əldə edə biləcəklər. Həmçinin, Atletlər Kəndində də idmançılar və rəsmilər üçün Fresco-nun universal mağazası fəaliyyət göstərəcək. 

Fresco, öz növbəsində Bakı 2017 markaları, loqoları və dizaynlarından eksklyuziv istifadə hüququ əldə edəcək. Qeyd edək ki, “Fresco” Bakı 2017 Mascot Proqramının da  Rəsmi Dəstəkçisi olacaq. Bakı 2017  Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd rəsmi tərəfdaşlığın önəmindən danışarkən bu cür mötəbər tədbirlərin önəmi haqda məlumatların ictimaiyyətə çatdırılmasında, əhalinin bu oyunlar haqda məlumatlandırılmasında  pərakəndə satış mərkəzlərinin böyük rolu olduğunu bildirib. 

Azeri Retail MMC-nin baş direktoru, Kamran Eyyubov: “Fresco ailəsinin Bakı2017 İslam Həmrəyliyi Oyunlarının  rəsmi dəstəkçisi olduğu üçün qürur hissi duyuram. Əminəm ki, şirkətimizin hər bir üzvü üzərimizə düşən məsuliyyətin öhdəsindən peşəkarcasına gələcək”. 
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının kommersiya proqramı 8 rəsmi tərəfdaşdan və 10 rəsmi dəstəkçidən təşkil olunacaq. 
Bu günə qədər BP və Microplus Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının tərəfdaşları, Fresco və iTicket.az isə rəsmi dəstəkçiləri kimi müqavilə imzalayıblar.